Azərbaycanda tədris olunan bu dərsliklərdə kobud səhvlər aşkarlandı – YENİLƏNİB

Want create site? Find Free WordPress Themes and plugins.

“Azəbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurrikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib”.

 Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq deyib.

 Nazir müavini bildirib ki, ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı  qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib.

 Onun sözlərinə görə, həmin dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib: “Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirəyə təqdim olunub. İctimai müzakirələrin aparılması ikinci ildir ki, tətbiq olunur. İctimai müzakirələr zamanı Təhsil Nazirliyinə müvafiq qurumlar tərəfindən müxtəlif fikirlər və təkliflər daxil olub. Onların da əksəriyyəti müəlliflərə təqdim olunub. Bir çox halda onlar bu təkliflərlə razılaşıb nəzərə alıblar, bəzi hallarda isə öz mövqelərini ortalığa qoyublar ki, materialın bu və ya digər formada təqdim olunması daha düzgündür”.

Nazir müavini vurğulayıb ki, dərslik hazırlanması kifayət qədər mürəkkəb və çox mərhələli bir prosesdir. Onun fikrincə, bu prosesin ictimaiyyətə açıq olması, bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün Təhsil Nazirliyi tərəfindən maksimum şərait yaradılır: “Gələcəkdə də bu prosesin geniş müzakirə vasitəsilə qəbul edilməsi nazirliyin diqqət mərkəzindədir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın artıq ilk iclası keçirilib. Payız aylarında şuranın növbəti iclası olacaq. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar təmsil olunaraq öz fikirlərini bildirəcəklər”.

28.08.2017 18:50

2017-2018-ci tədris ilinin başlamasına bir neçə gün qalıb. Ancaq məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar bitmir.

Bir qrup müəllim yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.

Oxu.Az xəbər verir ki, əməkdar müəllim Almaz Həsrət Lent.az-a bildirib ki, kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlayıblar: “Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir.

Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir”.

A.Həsrət deyir ki, həmin dərsliklərin orta məktəblərə paylanmasının qarşısı alınmalıdır: “Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik.

Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”

A.Həsrət Azərbaycan dərsliklərini mötəbər tədbirlərə apara bilmədiklərindən narazılıq edir: “Utanırıq, çünki bizim dərsliklər ələ gələsi deyil. Düşünürəm ki, dərsliklərlə bağlı fərqli qurum yaradılmalıdır. Mərkəzdə sırf mütəxəssislər toplanmalıdır. Məncə, dərslik yazan müəllif heyəti dəyişməlidir. Müəllif heyətinin tərkibində alim, dilçi olmalıdır. Sırf ixtisasını bilən, kurrikulumu mənimsəmiş mütəxəssis olmalıdır. Yaş səviyyəsini nəzərə alıb, dərslik hazırlamaq üçün psixoloq da bu işə cəlb edilməlidir. Bunlar nəzərə alınmazsa, təbii ki, səhv dolu olacaq.

İllərlə səhv kitablar yazan şəxslər bu işdən uzaqlaşdırılmalıdır. Onlar heyətdə qalsalar,  yenə dərsliklərdə səhvlər ortaya çıxacaq.  Bütün qüsurlu dərsliklərin qarşısı alınmalıdır. Dərslik siyasətinə, hazırlanması prosesinə yenidən baxılmalıdır.  Ondan sonra uğurlu dərsliyin əldə edilməsinə nail olarıq”.

A.Həsrət vurğulayır ki, bütün dərsliklərə yenidən baxılması üçün hər şey edəcəklər: “Çalışırıq ki, qüsurlu dərsliklərə yenidən baxılmasına köməklik edilsin. Ona görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya bununla bağlı açıq məktub ünvanlamışıq. Bizim şagirdlər olimpiadalara hazırlaşanda dərsliklərlə deyil, xüsusi proqram əsasında hazırlaşırlar. Amma Rusiyada uşaqlar məhz sinif dərsliyi əsasında hazırlaşaraq fənn olimpiadalarında iştirak edir. Dərsliklər doğru olsa, istədiyimiz savada nail ola bilərik”.

Əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayev də dərsliklərin qüsurlu hazırlanmasından şikayət edir.

M.Babayev bildirib ki, dərsliklərin çapında bir nəşriyyat əsas rol oynayır: “Mənə maraqlıdır ki, nə vaxta qədər Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edəcək? Biz də müəllifi olduğumuz kitabı tenderə çıxardıq, amma seçilmədi. Biz “Təhsil” Nəşriyyat evi ilə işləmişdik. Tenderdə isə başqa nəşriyyat evinin kitabı qalib oldu. İçində o qədər səhv ola-ola”.

M.Babayev deyir ki, dərslikləri təcrübəsi olan adamlar hazırlamalıdır: “2002-ci ildən X-XI sinif biologiya kitablarının müəllifiyəm. Azərbaycanda kurrikulumun ilk koordinatoru mənəm. 28 ildir bu sahədəyəm. 2002-ci ildə ilk dəfə həm X və XI sinif üçün biologiya dərsliyim çıxdı. Təkmilləşdirdik və 16 ildir tədris olunur. Heç bir şikayət də yoxdur. Ancaq son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir.

Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun”.

M.Babayev deyir ki, bir neçə ay bundan qabaq Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmovun qəbulunda olub və baş verən xoşagəlməz hallarla bağlı ona məlumat da verib: “Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə bu qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
paylaş

Bir cavab yazın